...

Müasir dövrdə baş verən proseslər və aparılan siyasi, iqtisadi və ictimai islahatlar, əvvəlki elmi-istehsal münasibətlərinin qəbul edilmiş qanunlar baxımından yeni forma və məzmuna keçməsi, Respublikanın təbii ehtiyatlarını yenidən qiymətləndirməyi, iqtisadi regionların, şəhər və qəsəbələrin, müvafiq obyektlərin tələbatı və ümumi mənafeyi baxımından təhlil etməyi tələb edir. Bu da öz növbəsində təbii resursları daha düzgün istiqamətdə maddiləşdirməyə, yaranmış və gələcək təlabatları elmi əsaslarla qiymətləndirməyə, maddi nemət itkilərinin qarşısını almağa və ölkənin sosial-iqtisadi problemlərinin həllinə əsaslı imkan yaradır. Bu nemətlərdən biri də, Respublikanın torpaq və su fondudur.
Torpaq kənd təsərrüfatında əsas istehsal vasitəsi olduğundan, istehsalın, ərazinin təşkili, müxtəlif normativlərin (icarə, ödəmələr, vergilər, torpaqların normativ qiymətləndirilməsi və s.) hazırlanması, təsərrüfatların və müəssisələrin fəaliyyətinin nəticələrinin planlaşdırılması və təhlili üçün onun keyfiyyətinin kəmiyyət qiymətləndirilməsi zərurətə çevrilmişdir. Bazar iqtisadiyyatı şəraitində isə torpağın qiymətləndirmə meyarının rolu xüsusilə artmışdır.
Respublikanın suvarılan torpaq fondunun üzərində uzun illərdən bəri aparılmış müxtəlif istiqamətli sistemli müşahidə məlumatlarının statistik təhlili əsasında ölkənin suvarılan torpaq fondunun mövcud vəziyyətinin iqtisadi baxımdan qiymətləndirilməsi, onun keyfiyyətinin, torpaqdan istifadə səviyyəsinin, mənimsənilmə dövründə onun keyfiyyətində baş verən dəyişikliklərin müəyyən edilməsi və qeydə alınması, iqtisadi inkişafın təmini üçün müvafiq tədbirlərin tərkibinin və istiqamətinin müəyyən edilməsi və s. məsələlərin həlli üçün xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkənin neft amilindən asılılığını minumuma endirmək, qeyri-neft sektorunun, əsasən aqrar sektorun və bütövlükdə iqtisadiyyatın dayanıqlı inkişafını təmin etmək məqsədilə "Strateji yol xəritəsi" hazırlanmışdır. Yol xəritəsində aqrar sektorun inkişaf etdirilməsi ilə ixrac yönümlü - ölkəyə valyuta gətirən pambıq, fındıq, tütün və digər kənd təsərrüfatı məhsullarının istehsalının artırılması nəzərdə tutulmuşdur.
Bu gün suvarma əkinçiliyinin inkişaf tapdığı Azərbaycan Respublikasının torpaqlarında kənd təsərrüfatı məhsullarının 90%-dən çoxu suvarılan torpaqlarda istehsal edilir. Odur ki, torpaqların daima diqqət mərkəzində saxlanılması, mövcud hidrogeoloji-meliorativ vəziyyətinin öyrənilməsi və elmi əsaslara söykənən müvafiq tədbirlərin hazırlanması zərurət kimi ortaya çıxır.
Ölkəmizdə aqrar sahənin inkişaf etdirilməsi və əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Təsadüfi deyil ki, aqrar sahənin inkişafı yoxsulluğun azaldılması və regionların sosial-iqtisadi inkişafına dair qəbul edilən Dövlət proqramlarında aparıcı yer tutur. Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitlliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Bu baxımdan Azərbaycanda əhalinin ərzaqla etibarlı təminatına dair hərtərəfli tədbirlər görülür və ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı Dövlət proqramları həyata keçirilir.
Aqrar sahənin inkişafına xüsusi əhəmiyyət verən və bu sahəyə daim diqqət yetirən ölkə başçısı cənab İlham Əliyev hər ilin yekunlarına dair keçirilən müşavirələrdə suvarılan torpaq sahələrində meliorativ tədbirlərin görülmsi və əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi məsələlərini xüsusi qeyd edir və bununla əlaqədar öz müvafiq tapşırıqlarını verir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu il oktyabrın 15-də keçirilən iqtisadı müşavirədə demişdir: "Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub. Sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur". Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı tədbirlər öz nəticəsini verir.
Daha sonra dövlət başçısı demişdir ki, bununla bərabər, bildiyimiz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyulmuşdur. Kənd təsərrüfatının inkişafı prioritet sahə kimi müəyyən edilmişdir. Mən eyni zamanda, əvvəlki illərdə bir qədər təəcccüblənirdim ki, nə üçün bu qədər investisiyaların müqabilində, bu qədər dəstəyin, subsidiyaların, güzəştli şərtlərlə verilmiş kreditlərin olduğu bir zamanda kənd təsərrüfatında artım 2-3 faiz idi. Ancaq hazırda bu sahədə də ciddi irəliləyiş müşahidə olunur. Beləlklə, kənd təsərrüfatıda doqquz ayda 7 faizdən çox artmışdır.
Bu mühüm əhəmiyyətli Dövlət proqramlarının icra olunmasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin də xidmətləri danılmazdır. Son illərdə respublikamızda mövcud olan əkinəyararlı torpaq sahələrinin hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşdırılması, yeni kollektor-drenaj şəbəkələrinin, hidroqovşaqların və su anbarlarının yaradılması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, torpaqların şorlaşmasının qarşısının alınması və həyata keçirilən digər meliorativ tədbirlər nəticəsində kənd təsərrüfatı bitkilərinin məhsuldarlığında əhəmiyyətli dərəcədə artımının müşahidə olunmasında, şübhəsiz ki, cəmiyyətin xidmətləri az deyildir.
Aqrar sahənin inkişafına xüsusi önəm verən cənab Prezident İlham Əliyev suvarılan torpaq sahələrində əsaslı meliorativ tədbirlərin görülməsi, bu torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin mütəmadi olaraq tədqiq edilməsi, innovativ tədbirlər görülməklə əkin sahələrinin münbitləşdirilməsi və genişləndirilməsi məqsədilə hər zaman öz proqram xarakterli tapşırıqlarını əlaqədar strukturların diqqətinə çatdırır. Bir il öncə 22 oktyabr 2018-ci ildə İmişlidə Araz çayının yeni qol-kanalının açılış mərasimində Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə hesabat xarakterli çıxışında demişdir ki, son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb. Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub. On beş il ərzində 2234 subartezian quyusu qazılıb. Bu, 2234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir.
Respublikamızda həyata keçirilən meliorasiya və su təsərrüfatı layihələrinin icra olunmasında Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əsas struktur bölmələrindən biri olan Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi də (HGMXİ) yaxından iştirak edir. Hazırda respublikamızın HGMXİ-nin nəzarətində olan 1 299 098 ha kənd təsərrüfatına yararlı suvarılan torpaq sahələri əhatə olunmaqla rejim-müşahidə quyuları, həmçinin əsas kanal və kollektorlar üzərindəki hidrometrik məntəqə vasitəsi ilə məqsədli xidmətlər göstərilir. Həmçinin, kənd təsərrüfatına yararlı suvarılan torpaq sahələri üçün xüsusi əhəmiyyət kəsb edən torpaqların hidrogeoloji-meliorativ şəraitinin və kollektor-drenaj şəbəkəsinin texniki vəziyyətinin öyrənilməsi, qrunt sularının rejimi və kimyəvi tərkibi üzərində stasionar müşahidələrin aparılması, qrunt və su nümunələrinin analitik təhlili, eləcə də rejim müşahidə və çöl tədqiqat materialları əsasında kadastr hesabatlarının, həmçinin elektron xəritələrin işlənib hazırlanması işləri yerinə yetirilir.
HGMXİ 2019-cu ilin 9 ayında da öz fəaliyyətini plana uyğun şəkildə davam etdirmiş və respublikanın 1 299 098 hektar suvarılan torpaq sahəsində kompleks tədqiqat işlərini yerinə yetirmişdir.
Aparılımış tədqiqatlar və rejim müşahidə işlərinin nəticələri əsasında respublikamızın HGMXİ-nin nəzarətində olan suvarılan torpaqlarının hidrogeoloji-meliorativ vəziyyətinin xarakteristikası verilmişdir. Müəyyən edilmişdir ki, 2019-cu ilin 9 ayında Respublika üzrə suvarılan torpaqların qrunt sularının əlverişli sayılan, yatım dərinliyi 1,5 m-dən çox olan torpaq sahələri suvarılan torpaqların 1 167 892 hektarını və ya ümumi suvarılan torpaq sahələrinin 90%-ni, 131 206 hektarı və ya 10% isə qrunt sularının yatım dərinliyi 1.5 m-ə qədər olan torpaq sahələrini əhatə edir.
Təhlillərin nəticələri göstərir ki, qrunt sularının səviyyəsi, minerallaşma dərəcəsi və torpaqların şorlaşması suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin formalaşmasına təsir edən əsas amillərdir. Belə ki, qrunt sularının yatım dərinliyi yer səthinə yaxın olduqda onun minerallaşma dərəcəsi və kimyəvi tərkibi, Kollektor-Drenaj Şəbəkəsinin (KDŞ) fəaliyyəti torpağın müvafiq qatında düzlaşma proseslərinə təsir edir. Tədqiqatlarla müəyyən edilmişdir ki, yeraltı suların səviyyə rejimindən fərqli olaraq, onların hidrokimyəvi tərkibinin dəyişməsi daha çox geoloji mühitə süzülərək daxil olan suların miqdarı və kimyəvi tərkibi, KDŞ-nin işi və torpaqların şorlaşma dərəcəsinin tərəddüdləri ilə əlaqədardır.
Hesabat dövründə suvarılan torpaqların hidrogeoloji-meliorativ vəziyyətinin qiymətləndirilməsi məqsədilə, əsas göstəricilərdən biri olan qrunt sularının minerallaşma dərəcəsinin müvafiq dövrlə müqayisəsi və dinamikası öyrənilmişdir. Müqayisədən belə bir nəticəyə gəlinmişdir ki, qrunt sularının minerallaşma dərəcəsi hidrogeoloji-meliorativ vəziyyətə görə əlverişli (başqa sözlə, minerallaşma dərəcəsi 3 litrdə olan sahələr ümumi suvarılan və hidrogeoloji-meliorativ xidmətin nəzarəti altında olan əkin sahələrinin 911281 hektarını və ya 70%-ni təşkil etmişdir.
Bununla yanaşı, 2019-cu ilin 9 ayında qrunt sularının minerallaşma dərəcəsi litrdə 3 qramdan çox olan sahələr 387 817 ha və ya nəzarət altında olan ümumi suvarılan torpaqların 30%-ni təşkil etmişdir. Suvarılan torpaq sahələri az olan digər rayonlarda il ərzində qrunt sularının kimyəvi tərkibi və minerallaşma dərəcəsində böyük dəyişiklik olmamışdır.
Müasir dövrdə dövlət fonduna, yerli icra hakimiyyətinə əhalinin istifadəsi üçün verilmiş kənd təsərrüfatı torpaqlarının tərkibinə, vəziyyətinə və kənd təsərrüfatı altında istifadəsinə nəzarət xüsusilə vacibdir. Tez-tez bu torpaqlardan istifadə edilmir, tərkibi və təyinatı dəyişdirilir. Həmçinin, əkin altında istifadə edilən sahələrdə yerli torpaq-meliorativ şərait və iqlim amili nəzərə alınmadan, əkin strukturuna əməl edilmədən bitki növlərinin bazar iqtisadiyyatının tələblərinə uyğun seçilərək əkilməsi gələcəkdə torpaqların münbitliyinin və məhsuldarlığının azalmasına, istifadədən çıxmasına səbəb ola bilər. Məlum olduğu kimi, respublikanın müxtəlif bölgələri üzrə torpaq-meliorativ və iqlim şəraitləri nəzərə alınmaqla, uzun illərin təcrübəsi əsasında kənd təsərrüfatı bitkilərinin əkin strukturları işlənilib hazırlanmış və bu strukturlar üzrə bitki növlərinin biri-birini əvəz etməsi ardıcıllığı illər üzrə müəyyən edilərək, praktikada sınaqdan çıxarılmışdır.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Hidrogeoloji-Meliorativ Xidmət İdarəsinin məlumatları əsasında 2005-2018-ci illər ərzində tədqiqat obyekti üzrə hidrogeoloji-meliorativ vəziyyəti müşahidə altında saxlanılan, kənd təsərrüfatı təyinatlı suvarılan cəmi torpaq sahələrinin və cəmi şorlaşmamış sahələrin dinamikası, həmin torpaqların tərkibində şorlaşmamış, torpaqların sahəsinin kənd təsərrüfatı təyinatlı müşahidə altında saxlanılan cəmi torpaq sahələrinə nisbəti, yəni şorlaşmamış torpaqların sahəsinin nisbi tezliyinin (xüsusi çəkisinin) tədqiq olan müddətdə dinamikası təhlil edilmişdir. 2005-ci ildə ümumi suvarılan sahələr 1376655 ha və şorlaşmamış sahələr 777896 ha olduğu halda, bu rəqəm müvafiq olaraq 2018-ci ildə 1392863 ha və 1133350 ha təşkil etmişdir. Bununla yanaşı, Dövlət Statistika Komitəsinin məlumatları və Azərbaycan Respublikasının inzibati ərazi vahidlərinə dair məlumatlar əsasında tədqiqat obyektinə daxil olan inzibati rayonların ümumi sahəsi üzrə cəmi əkin sahələrinin, yəni il ərzində əkin altında istifadə edilmiş cəmi torpaq sahəsinin rayonun ümumi ərazisinə nisbətinin 2005-2018-ci illər ərzində dinamikası da təhlil edilmişdir. Nəticələrə əsasən demək olar ki, tədqiqat obyektinə daxil olan bütün inzibati rayonların ərazisində illər üzrə cəmi əkin sahəsinin nisbi tezliyində 0,51-dən 0,81-ə kimi artım müşahidə edilmişdir. Bu artım yalnız 2010-cu ildə Saatlı və Sabirabad rayonları ərazisində ümumi qanunauyğunluqdan kənara çıxmışdır. Bu isə həmin dövrdə Kür və Araz çaylarında daşqının yaratdığı subasma ilə əlaqəli olmuşdur.
Eyni ilə torpaqların meliorativ vəziyyətində də müvafiq dəyişiklik müşahidə olunmuşdur. Belə ki, kənd təsərrüfatı əkinləri altında mənimsənilən torpaqların (hidrogeoloji-meliorativ vəziyyəti stasionar müşahidə edilən suvarılan torpaqlar üzrə) tərkibində şorlaşmamış torpaq sahələri 2005-2018-ci illərdə tədqiqat obyektinə daxil olan bütün inzibati rayonların ərazisində artmışdır. Bu dəyişiklik ölkədə ərzaq təhlükəsizliyinin təmini məqsədi ilə qəbul edilmiş müvafiq dövlət proqramlarının tətbiqi ilə əlaqədar kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının bərpası, ilin çox dövrünün torpaq səthinin bitki altında olması, torpağın düzgün becərilməsinin tətbiqi və s. məsələlərlə əlaqələndirilə bilər.
Tədqiqat obyektinə daxil olan inzibati rayonların ərazisində torpaq-meliorativ şəraitdə mövcud olan müvafiq fərqli xüsusiyyətlər, həmçinin kənd təsərrüfatı məhsullarına tələb-təklif münasibətləri əsasında formalaşan satış qiymətləri bazar iqtisadiyyatı şəraitində kənd təsərrüfatı bitkilərinin əkin strukturunda əlaqəli dəyişikliyin yaranmasına öz təsirini göstərir. Respublika üçün strateji əhəmiyyətli olan kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən müvafiq Dövlət proqramları əsasında kənd təsərrüfatı bitkilərinin əkin strukturunda nəzərə alınan kənd təsərrüfatı bitkiləri ilə bərabər, iqtisadi cəhətdən sərfəli, yerli torpaq-meliorativ şəraitinə, torpaqların münbitliyinin və məhsuldarlığının qorunub saxlanılmasına və iqlim şəraitinə uyğun bitkilər də əkin strukturuna daxil edilir. Bu bitkilərin növ tərkibi isə bazarda formalaşan tələb və təklif münasibətlərinə uyğun olaraq ildən-ilə dəyişir. Tədqiqat obyekti üzrə bu dəyişikliyin istiqamətinin təyini üçün Dövlət Statistika Komitəsinin məlumatları əsasında müvafiq təhlil aparılmışdır.
Bazar iqtisadiyyatı şəraitində əkin strukturunda dəyişiklik 2005-2018-ci illər ərzində Sabirabad rayonu ərazisində taxıl əkini sahələrində cüzi nisbi artıb-azalma şəkilində olsa da, pambıq bitkisinin qismən yonca ilə əvəz olunması şəkilində müşahidə edilmişdir. Cəlilabad rayonu ərazisində isə dənli, dənli-paxlalı bitki sahələri üstünlük təşkil etmiş və artım müşahidə edilərək, əsas xarakterik bitki növləri kimi qalmışdır.
HGMXİ-nin 2019-cu ilin 9 ayılıq tədqiqat və rejim müşahidə işlərinin nəticələri müvafiq hesabatlarda və xəritələrdə öz əksini tapmışdır. Mövcud vəziyyət nəzərə alınmaqla torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına dair tədbirlərin görülməsi tövsiyə edilmişdir.
Ölkə başçısının Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin qarşında qoyduğu vəzifələr müntəzəm olaraq Hidrogeoloji-Meliorativ Xidmət İdarəsi tərəfindən geniş təhlil edilir və bütün imkanlardan istifadə etməklə öz fəaliyyətini bu istiqamətdə davam etdirir.
Əminliklə bildirirəm ki, HGMXİ-nin kollektivi əvvəlki illərdə olduğu kimi bundan sonra da öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək və respublikamızın suvarılan torpaqlarının hidrogeoloji-meliorativ vəziyyətinin yaxşılaşmasına əməli töhfələrini verəcəklər.

Saleh Sadıqov,
Azərbaycan Meliorasiya və Su Təssərrüfatı ASC-nin Hidrogeoloji-Meliorativ
Xidmət İdarəsinin rəisi.