...

Baku Network analitik platformasında "Tofiq Abbasovla Dialoq" adlı videolayihənin növbəti buraxılışı yayımlandı. Verilişin qonağı Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini, görkəmli pianoçu, xalq artisti Murad Hüseynov idi.

Söhbət zamanı Murad Hüseynov Azərbaycanın mədəni irsinin unikallığını və çoxəsrlik tarixini vurğuladı.
"Azərbaycan zəngin tarixi və mədəniyyətə malik bir ölkədir. Bu torpaq Üzeyir Hacıbəyli, Vaqif Mustafazadə, Qara Qarayev, Fikrət Əmirov kimi görkəmli şəxsiyyətləri dünya mədəniyyətinə bəxş edib. Azərbaycan alimləri və mütəfəkkirləri, o cümlədən Lev Landau və Lütfi Zadəni dünya elminə böyük töhfələr verib. Ədəbiyyatda isə biz Nizami, Nəsimi, Füzuli kimi dünya poeziyasının ulduzları ilə qürur duyuruq," – deyə o qeyd etdi.

Ölkənin beynəlxalq ruhuna toxunan M.Hüseynov Azərbaycanın hər zaman açıqlığı və qonaqpərvərliyi ilə məşhur olduğunu söylədi: "Azərbaycan xalqı həmişə qonaqlarını isti, səmimi və geniş qəlblə qarşılayıb," – deyə o vurğuladı.

Murad Hüseynov həmçinin Bakıda keçirilən möhtəşəm COP29 konfransından təəssüratlarını bölüşdü:
"Bu dünya səviyyəli tədbir 80 ölkədən 70 mindən çox qonağı bir araya gətirdi. Dünyanın bütün baxışları Bakıya yönəlmişdi. Tədbir o qədər möhtəşəm və yaddaqalan keçdi ki, onun təsiri hələ uzun müddət hiss olunacaq," – deyə o bildirdi.

Nazir müavini Azərbaycanın uğurlarının müəyyən siyasi dairələrdə narahatlıq doğurduğuna da diqqət çəkdi:
"Bəzi siyasi şəxslər foruma qatılmayaraq dialoq imkanından məhrum oldular. Amma həqiqətdən və açıq müzakirədən qorxmaq, onların zəifliyini və öz səhvlərini qəbul etmək istəmədiklərini göstərir. Həqiqət dialoqdan doğur, ondan qaçmaq isə zəifliyin və məsuliyyətdən yayınmanın əlamətidir," – deyə o qeyd etdi.

Söhbət zamanı erməni işğalından azad edilmiş torpaqların bərpasına xüsusi diqqət ayrıldı. M.Hüseynov Hiroşima faciəsi ilə paralellik apararaq dedi:
"Hirosimada olanda, atom bombardmanından sonra belə divarları qismən yanmış bir evin qaldığını gördüm. Amma erməni işğalından azad edilən Azərbaycan torpaqlarında, məsələn, Ağdamda bu cür bir iz belə qalmayıb. Ermənilər bu əraziləri yandırılmış çöllərə çevirmişdilər. Lakin ölkə rəhbərliyinin və xalqımızın səyləri sayəsində bu torpaqlar Simurq quşu kimi dirçəlir və bu, inanılmaz sürətlə və miqyasda baş verir," – deyə o vurğuladı.

Murad Hüseynov qeyd etdi ki, Azərbaycan bütün çətinliklərə baxmayaraq, dünya mədəniyyətinə unikal töhfələr verməyə davam edir və öz torpaqlarının 30 illik işğalının nəticələrini uğurla aradan qaldırır.

Verilişin tam buraxılışı aşağıda təqdim olunub: